HƏR QADIN BU 30 KİTABI OXUSUN

22 Feb 2022    882

Dünya ədəbiyyatından seçilmiş hər qadının mütləq oxumalı olduğu 30 kitabı təqdim edirik: 

1. Emili Bronte - "Uğultulu təpələr"

"Uğultulu təpələr" yazıçı və şairə Emily Brontë-nin yeganə romanı və onun ən böyük əsəridir. Burada son dərəcə nümunəvi işlənmiş süjet, eyni zamanda bir neçə nəql edənin olması, kənd həyatına qarışmış sevgi romantizminin təbiət hadisələri ilə yozulması kimi vasitələrdən istifadə edilib. "Küləkli təpələr" erkən Viktoriya dövrünün etalon əsərlərindən sayıla bilər.

2. Şarlotte Bronte -"Ceyn Eyr"

Əsərin baş qəhrəmanı Ceyn Eyr yetim, kasıb bir qız olmasına rəğmən, çox qürurlu və müstəqil insandır. O, Roçester malikanəsinə ev sahibinin qızına müəllimlik etməyə qəbul olunur. Elə ondan sonra Ceyn Eyr və mister Roçesterin arasında məhəbbət yaranır. Onlar evlənməyə hazırlaşır. Lakin toy günü elə bir sirr açılır ki, Ceyn Eyr malikanəni tərk edib, mister Roçesteri unutmağa çalışır. Lakin əsl məhəbbət heç vaxt unudulmur. Bir-birindən uzaq məsafədə yaşasalar da, onlar bir-birilərinin qəlbinin səsini eşidir. Əsər əsl sevgi, sədaqət haqqında yazılmış ən gözəl romanlardan biridir.

3. Corc Eliot - "Middlemarç"

"Qaranlıqda rəqs" romanının müəllifi Morris Dickstein yazırdı: "Əsər obrazların və onların münasibətlərinə baxış dərinliyinin keyfiyyətinə görə fərqlənir. Eliot-un gözəl təsvir edilmiş kiçik bir emosional detaldan böyük ictimai dəyişikliklərə keçidi həyəcanına görə oxucunun hələ də nəfəsini kəsir".

4. Virciniya Vulf - "Missis Dellouy"

Burada söhbət uydurma kübar qadının müharibədən sonrakı İngiltərədə bir gündə başına gələnlərdən bəhs olunur

"Virginia Woolf modernizmə nəfəs və həyat verib"

5. Marqaret Mitçell "Küləklə sovrulanlar"

"Küləklə sovrulanlar" — amerikan yazıçısı Marqaret Mitçellin məşhur romanıdır. 1936-cı ildə dərc olunmuşdur. Pulitser mükafatı almışdır. Əsərdəki hadisələr Amerika Vətəndaş Müharibəsi və Amerika Birləşmiş Ştatlarının yenidən qurulduğu bir dövrdə Corciya ştatının Kleyton əyalətində və Atlanta şəhərində cərəyan edir. Bitki plantasiyası sahibinin qızı olan gənc Skarlet Oharanın Şermanın dağıdıcı "Dənizə yürüşündən" sonra səfalətdən çıxmaq üçün hər cür vasitədən istifadə etməli olan mübarizələrindən bəhs edilir. Bu tarixi roman bildunqsroman janrında yazılmışdır və adı Ernest Dausonun bir şeirindən götürülmüşdür.

6. Ceyn Ostin - "Qürur və qərəz"

"Qürur və Qərəz" ingilis yaziçısı Ceyn Ostin tərəfindən 1796-1797 ci illərdə qələmə alınmış ikinci romanıdır. Əsər 1813-cü ildə çap edilmişdir. Əsərin ana xətti baş qəhrəman Elizabeth Bennetin duyqusal inkişaf üzərinə qurulmuşdur, hansi ki etdiyi səhv və qərəzli qərərlardan böyük dərslər alan səthi və önəmli mövzüları fərqləndirə bilən birinə dönür. Əsər əsasən Britaniya hökuməti dövründə hərəkətlərin təhsilin evliliyin və pulun təsvirinə yönəlmişdir.

7. Marqaret Etvud: "Qulluqçunun nağılı"

Marqaret Etvudun antiutopiyasında heyrətamiz bir dünya bütün çalarları ilə təsvir olunub. Həmin dünyada qadınların mülkiyyət hüququ yoxdur. Onlar nə işləyə, nə sevə, nə oxuya, nə də yaza bilərlər. Səhərlər qaçmaq, istirahətə getmək, axşam əyləncəsinə qatılmaq və ikinci dəfə evlənmək onlara qadağa olunub. Qadınlar ancaq və ancaq qulluqçu ola bilərlər. Bu romanı laqeyd qalaraq oxumaq mümkünsüzdür.

8. Erix Mariya Remark: "Borc həyat"

Bu elə bir həyatdır ki, artıq itirməyə heç nə qalmayıb. Maşın oğrusu olan Klerf vərəm xəstələrinin yatdığı sanatoriyada müalicə alan ölümcül xəstə Lilianı qaçırdır. Çox az ömrü qaldığını bilən Lilian son günlərini qeyri-adi və şən keçirtmək istəyir... İnsanın içini parça-parça edib sonra yenidən bir yerə toparlayan bu hekayə bizə həyatı dəyərləndirməyi və ölümdən qorxmamağı öyrədir.

9. Joan Harris: "Şokalad"

Şokaladın qoxusu, dadlı karamel, təzə kətə və sirlərlər yoğrulmuş şirniyat romanı. Uzaq, karnaval havalı şəhərçik Lanskne-su-Tann iki göyçək insanı - ana və qızını - özünə çəkib gətirir. Onlar şəhərdə qənnadı hazırlanan yer açırlar və bununla şəhər sakinlərinin həyatını əbədi dəyişirlər. Bu gözəl kitab, hər bir qadında sehrli gücün olduğunu və ondan doğru-düzgün istifadə etməyin yollarını öyrədir.

10. Jojo Moyes: "Səninlə tanış olana qədər"

Lu sakit, rahat, amma darıxdırıcı və monoton həyat sürən sadə bir qızdır. Uill isə əksinə, enerjili, tam sağlam və uğurlu biznesmendir. Günlərin birində isə hər şey dəyişir: Uill qəfil əlil arabasında oturmağa məhkum olur. Onun bütün həyat eşqi sönüb gedir. Lu isə ona qulluq edən tibb bacısına çevrilir. Bu iki ayrı-ayrı xarakterli adamların həyat hekayəsi göstərir ki, bizə aşılması mümkünsüz görünən çətinliklərin öhdəsindən gəlmək mümkündür.

11. Vladimir Nabokov: "Lolita"

Kəhanət romanı, qalmaqallar, konfliktlər kitabı olan "Lolita" okeyanın hər iki üzündə olan oxucuları sarsıtdığı kimi, sizdə də ziddiyətli hisslər doğuracaq. Kimlərsə bu kitabda hətta anatomik səviyyədə detallaşdırılmış günah görə bilər, kimlərsə elə ilk səhifədən onu nəfəs kəsən, ağır, insanın canına hopan bir roman hesab edərək sətirlərin son şirəsinə qədər "içəcək". Bu romanı "ilk baxışdan, son baxışdan, əbədi baxışdan aşiq olmağın" himni kimi də qəbul etmək olar.

12. Yelizabet Qilbert - "Ye, dua et, sev”

Bu kitab, həyat eşqini itirib onu yenidən qazanmağı bacaran müasir, uğurlu qadının avtobioqrafik janrda yazılmış hekayəsidir. Kitab onu oxuyan hər bir qadına onun həqiqətən nə istədiyini və nələri arzuladığını xatırladır. Bu kitab, azadlıq, xoşbəxtlik, həyatdan zövq almaq və daxili aləminlə sülh şəraitində yaşamağı öyrədir.

13. Anna Frank: "Sığınacaq. Məktublardakı gündəlik"

Anna Frank 1929-cu ildə anadan olub. Konslaqerdə vəfat edərkən onun cəmi 15 yaşı olub. Amsterdamda, ailəsi ilə birgə nasistlərdən gizlənərkən, yazmağa başladığı gündəliyi bütün dünyada Anna Frank adını məşhurlaşdırdı. Bu kimi kitabları mütləq oxumaq lazımdır. Çünki onlar bizə tarixin dəhşətli səhifələri haqqında danışır və bizi heç bir halda, heç bir şəraitdə təslim olmamağa səsləyir.

14. Lev Tolstoy - "Anna Karenina"

"Anna Karenina" rus yazıçısı Lev Tolstoy tərəfindən yazılmış və ilk dəfə 1873-1877-ci illərdə bölümlər halında nəşr edilmiş roman. Əsərin baş qəhrəmanı olan Anna Kareninanın prototipi A.S.Puşkinin qızı Mariya Qartunq hesab edilir.

Əsər 1870-ci illərdə Rusiyada cəmiyyətin üst sinfinə mənsub olan iki insanın eşqindən bəhs edir. Hadisələr Moskvada, Peterburqda baş verir. Bundan əlavə, L.N. Tolstoy əsərdə Rusiyada patriarxal həyat tərzi qalıqlarının burjua tərəqqisinin təzyiqi altında necə dağıldığını da təsvir edir. Roman çox məqamlarda avtobioqrafik xarakter daşıyır. Əsərin üzərində işləyərkən Tolstoy müasirliyi və öz həyatını yenidən aydınlaşdırmışdır 

15. Con Faulz- "Fransız generalın qadını"

Hər gün qara dona bürünmüş gənc qadın dənizin qırağında duraraq üfüqə baxır. Bir gün başqa bir qadınla evlənmək istəyən bir kişi onu görür və bundan sonra hər şey kəllə-məyallaq inkişaf edir. O, görəsən əvvəlcədən evliklik planlaşdırdığı qadınla nikaha girəcək, yoxsa hisslərinin ehtiyac duyduğu azadlığının ardınca gedəcək? Siz qərar verəcəksiniz. Sonluğu iki variantda yazan Faulz vicdanın fərdi bir seçim olduğunu göstərməyə çalışır 

16. Virciniya Vulf - “Özünə Aid Bir Otaq”

İlk dəfə 1929-cu ildə işıq üzü görüb. Qadınların daha az yaradıcı olduqlarını iddia edən bir dövrdə qələmə alınan əsər bu gün də aktuallığını qoruyur. Müəllif əsərində qadınlara bu şəkildə səslənir: "Pul qazanın, özünüzə aid ayrı bir otaq və boş vaxtınız olsun. Və yazın, kişilər nə deyəcək deyə düşünmədən yazın!”.

17. Toni Morrison – "Sevilən"

Romandakı hadisələr 1861—1865-ci illər ABŞ Vətəndaş müharibəsindən sonrakı dövrü əhatə edir. Roman real baş vermiş hadisələrə əsaslanır. "Qara kitab" (17-ci əsr Avropa tacirlərinin gözlərindən Afrika) üçün materialların yığılması zamanı yazıçı Toni Morrison ona təsir edən bir əhvalatla qarşılaşır. Bu 1856-cı ildə Kentukkidən Ohayo ştatına həyat yoldaşı və dörd uşağıyla birlikdə qaçan kölə Marqaret Qarnerin hadisəsi idi. Axtarış dəstəsi tədqiqatlar zamanı aşkar edir ki, Marqaret öz kiçik qızını qətlə yetirib. Səbəb onun da özü kimi köləyə çevrilməsini istəməməsi olub. Ananı həbs edib mühakimə etdiklərində məhkəmə prosesi əhalini şoka salıb.

18. Doris Lessinq – "Qızıl Dəftər"

Ədəbiyyat üzrə nobel mükafatına layiq görülmüş əsər boşanmış və azyaşlı övladı ilə yaşayan Anna Wulf adlı gənc yazarın həyatından bəhs edir. O, uzun müddətdir heç nə yaza bilmir və buna görə də ümidsizliyə qapılır. Bu ümidsizliyin sonunda dəli olacağından qorxur və yaşadıqlarını fərqli rəngli dörd dəftərə yazmağa başlayır. Sonradan bir dəftər də yazmalı olur: onun yenidən həyata bağlanmasından bəhs edən Qızıl dəftəri.

19. Luiza Mey Alkott – "Balaca Qadınlar"

Kiçik bir şəhərdə yaşayan Mark ailəsinin çox fərqli xarakterli dörd qızı var. Qızların ən böyüyü o qədər gözəl və zərifdir ki, hər kəsin diqqəti həmişə onun üzərindədi. Ortancıl qızlardan biri həyəcanlı və çox çılğın, digəri isə yumşaq xarakterlidi. Ən kiçik qızları isə hələ gənc qız olmasa da, özünü tam bir xanım kimi aparır. Ailənin xöşbəxtliyi atalarının müharibəyə getməsi ilə sarsılır. Əsərin əsasında bir neçə dəfə film çəkilib, eyni zamanda opera və teatrda səhnələşdirilib. Şəxsi həyatından təsirlənərək qələmə aldığı əsərində müəllif xöşbəxtliyin ən çətin anlarda da mümkün olduğunu deyir.

20. Qüstav Flober - "Madam Bovari"

XIX əsrdə Fransada realizm məyusluğun övladı kimi dünyaya gəlmişdi. O dövrün insanları qardaşlıq və azadlıq xülyalarını artıq itirmişdilər. Romantizm öz yerini daha səmimi və daha gerçək olan realizmə verməyə hazırlaşırdı və “Madam Bovari” əsəri bu keçid dövründə atılan mühüm addımlardan birinə ­çevrildi. Sonralar romanın baş qəhrəmanı Emma Bovarinin hər şeydən narazı xasiyyətinin nəticəsi kimi məmnuniyyətsizliyi, reallıqla fantaziya arasındakı sərhədi təyin etmək bacarıqsızlığını bildirən “bovarizm” termini meydana gəldi. Floberin fikrincə, “bovarizm” romantik ideyaların gerçəkliyin xırda hadisələri ilə görüşündən törəmişdir.

21. Nikolas Sparks - "Yaddaş gündəliyi"

Nyu və Elli iki müxtəlif sosial təbəqədən olduğu üçün valideynləri onları ayırmağa çalışır və buna nail olur. Lakin onların heç biri birlikdə keçirdikləri xoşbəxt anları unuda bilmir.

22. Fransuza Saqan "Salam, kədər”

Əsərdə həyatın bütün əyləncələrindən dadmaq istəyən ərköyün qızdan danışılır. Anasını çox erkən yaşlarında itirən Sesil uzun müddət monastır pansionunda təhsil alır. Arvadbaz atasının yanına qayıtdıqdan sonra heç bir qayda-qanuna sığmayan, məsuliyyətsiz həyat tərzi keçirməyə başlayır. Ancaq bir gün onların həyatına Anna daxil olur. Lakin Sesil anasının rəfiqəsi olan bu qadını heç bir halda qəbul edə bilmir. Buna səbəb atasının Anna ilə evlənmək fikrinə düşməsidir. O, belə hesab edir ki, atası Anna ilə evlənsə, daha onu əvvəl kimi sevməyəcək və diqqət ayırmayacaq. Onların toyuna mane olmaq üçün Sesil planlar qurmağa başlayır. Əsər Annanın ölümü ilə sona çatır.

23. Stefani Mayer - "Alatoranlıq"

...Anası ikinci dəfə ərə gedəndən sonra 17 yaşlı Bella Svon doğma atasının yanına köçüb onunla yaşamağa qərar verir. Onun atası hər gün yağış yağan kiçik Forks şəhərciyinin polis rəisidir. Kallenlər ailəsinin qeyri-adi gözəlliyə malik üzvləri Bellanın diqqətini elə Forksa köçdüyü ilk gün cəlb edir. Bu gənclərlə məktəbdə qarşılaşan qızı daha çox Edvard Kallen maraqlandırır. Səbəb Edvardın qeyri-adi davranışıdır... Sonradan məlum olacaqdı ki, Kallenlər yalnız vəhşi heyvanların qanını içən “vegeterian”-vampirlərdir.

24. Rəşad Nuri Güntəkin - "Çalıquşu"

"Çalıquşu" - Rəşad Nuri Güntəkinin romanıdır. İlk dəfə 1922-ci ildə nəşr olunub. Romanda əsərin qəhrəmanı Fəridənin - Çalıquşu simasında çətin və məşəqqətli həyat tərzinə baxmayaraq, öz məhəbbətinə sədaqət hissini qoruyub saxlayan əsil türk qızının obrazı bədii ustalıqla qələmə alınıb. Roman müəllifin demək olar ki, ədəbi taleyini həll edib.

25. Artur Qolden - "Geyşanın memuarları"

20-ci əsrin ən tanınmış geyşalarından biri Nitta Sayurinin həyat hekayəsindən bəhs edən romandır. eyşalıq işi – gözəllik və incəsənətdir. Bu ancaq kənardan belə görünür. Daxildən isə yalnız ağır, üzücü əmək, riyakar bir peşədir. Bundan savayı, heç nə yoxdur. Tamamilə heç nə.

26. Uilyam Şekspir - "Maqbet"

"Maqbet" faciəsi R. Hollinşedin "İngiltərə, Şotlandiya və İrlandiya xronikaları" əsəri əsasında yazılımışdır. Maqbeti qatil və zalım edən cəmiyyətdə insanlar arasında mövcud olan ziddiyyətlərdir. Maqbet özünün gücünə, qabiliyyətinə və bacarığına inanır. Lakin o, eyni zamanda əmindir ki, bütün bu üstünlüklərinə baxmayaraq, özünə layiq mənsəbə-titula çatmamışdır, odur ki, məqsədinə yetmək üçün cinayətə əl atır, qan axıdır.

27. Yanuş Lion Vişnevski "Şəbəkədə tənhalıq"

Romandakı hadisələr 90-cı illərin ortlarında cərəyan edir. Baş qəhrəmanlar Şəbəkədə tanış olublar, elektron poçtda və ICQ-də yazışırlar. Sevgiyə doğru inkişaf edən münasibət off-layn həyatla paralel təsvir edilir. Ancaq real həyatdakı iş, ailə və dostlar ikinci plana keçir. Romanın kulminasiya nöqtəsi sevgililərin Parisdə görüşməsidir. Bunun ardınca isə sınaqlar gəlir: onlar öz münasibətlərini bu sınaqlardan uğurla keçirə biləcəklərmi? Məlum deyil.

28. Stefan Svayq - “Bir qadının həyatından iyirmi dörd saat”

“Bir qadının həyatından iyirmi dörd saat” novellasının baş qəhrəmanı qırx iki yaşlı bir qadındır. Həyatda onun başına gələn ən böyük macəra cəmi bir gün çəkib. Lakin iyirmi ildən çox vaxt keçməsinə baxmayaraq, o, bu hadisəni heç kimə danışa bilmir. Utanan, vicdan əzabı çəkən qadın, nəhayət, bir gün iztirablarını dilə gətirir.

29. Xalid Hüseyni - "Min möhtəşəm günəş"

Roman Əfqanıstanı darmadağın edən müharibənin qurbanı olmuş iki əfqan qadınının həyatından bəhs edir: əfqanlı zəngin birisinin nikahdan kənar qızı, uşaqlıqdan ailə sevgisindən məhrum olmuş Məryəm və mehriban ailənin sevimli qızı, maraqlı və rəngarəng həyat arzusunda olan Leyla.

30. Fəriba Vəfi - "Zirzəmi quşu"

“Zirzəmi quşu” romanında həyatın ağır şərtlərinə dözən, ailə qurduqdan sonra sevginin öləzimək həqiqəti ilə barışıb bütün gücünü övladlarının tərbiyəsinə həsr edən qadından söhbət açılır.

Roman individual qadınlığın axtarılması və ortaya çıxarılmasına həsr olunub. Təhkiyəçi qadın həyatını, hisslərini, ətrafını diqqətlə araşdırır və onları bacardığı qədər dəqiqliklə təsvir edir. Roman inkişaf etdikcə qadın yadlaşma ilə təcridolunmadan addım-addım uzaqlaşır və ekzistensial böhrandan özünüdərk və özünükəşfə doğru hərəkət edir.

 

 

digər paylaşımlar

Tərəfdaşlar

WhatsApp Button WhatsApp Button