Son illər ölkəmizdə ailə modelinin əhəmiyyətli şəkildə dəyişdiyini görürük. Araşdırmalar göstərir ki, hazırda əksər evli kişilərin kənarda münasibət qurduğu qadın var. Nəticədə nikahdan kənar doğulan uşaqların, boşanmaların sayı artır.
Hətta bəzən bir neçə qadınla əlaqəsinə görə fəxr edən kişilər görürük. Belə davranışı mənfi kimi sayanlar da az deyil. Onlar Azərbaycan ailə modelinin çox gözəl olduğunu bildirir və təbliğ edilməsinin gərəkliyini vurğulayırlar.
Günümüzdə oğlan da, qız da ailə həyatı quran zaman tələsir və çox az zaman keçdikdən sonra məlum olur ki, onların hər ikisinin maraqları üst üstə düşmür. Nəticə kişilər kənarda öz marağına uyğun qadına rast gəlir.
Bəzi insanların içində boşluq yaranır yaxud ailəsində problemlər olur. Bu insanlar müvəqqəti görüşlərlə özlərinə “psixoloq” tapır. Həyat yoldaşı ilə kəlmə belə kəsmir, ancaq digər qadınla saatlarla danışır. Belə psixoloji faktorlara görə müvəqqəti münasibətlər quranları danmaq olmaz. Ancaq bu tək kişilərdə deyil, qadınlarda da müşahidə olunur. Burada söhbət insan faktorundan gedir. Bütün kişilər gəzir deyə bilmərik.
Əgər dərindən yanaşsaq, qadınlarda intim istəyin kişilərdən daha çox olduğunu görərik.
Seksopatoloq Həsən Səmədov məsələnin çox dərin olduğunu bildirir. Beləki kişi və qadın psixologiyası fərqlənir. Əsas kökü instinktə dayanır. Kişilərin seksə münasibəti adətən poliqamdır, onlar görünüşə, bədən quruluşuna, saça və s., önəm verirlər.
Qadınlar isə məsələyə psixoloji yanaşırlar. Güclü cins qısa müddət ərzində daha çox qadın əldə etmə həvəsi və hərisliyi ilə hərəkət edir. Ailədən kənar qadın saxlamanı bunula da əlaqələndirə bilərik. Bu münasibətin sevgi ilə əlaqəsi yoxdur, sadəcə cinsi tələbatın ödənilməsi. Bəzi cinsi əlaqə növlərinin ailədə olmaması onların kənarda edilməsinə səbəb olur.
Ailədə kişilərin seksual tələbatının ödənilməməsi ola bilər. Bu müxtəlif xəstəliklər səbəbindən baş verir.
Qadın cinsi orqanının infeksion xəstəlikləri seks zamanı qadına ağrı verir. Nəticədə qadın normal cinsi aktı yerinə yetirə bilmir. Qadınların psixoloji seksual travmaları da bura aiddir. İlk cinsi aktın ağrılı ola biləcəyi qorxusu qadında ömürlük travma yarada bilər. Bu digər tərəfi qane etmir və kişilərin kənar qadına meyl etməsinə səbəb olur.
Kişilərin porno film izləməsi də problemlər yaradır. Nəticədə şüuraltısında dərin psixoloji pozuntu baş verir. Belə hallar da kişilərin kənarda əlaqələrini artıra bilər.